Bakıda sahibkara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Gülarə Əliyeva barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gülarə Əliyevanın barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub.
İstintaq araşdırması zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb. Ümumiyyətlə onun VÖEN-i olmayıb.
Həmçinin Gülarə Əliyeva sahibkara müxtəlif qızıl-zinət əşyalarının satışı mağazalarını özününkü kimi təqdim edib.
Araşdırmalar zamanı həmin mağazaların Gülarə Əliyevaya aidiyyətinin olmadığı üzə çıxıb.
Dələduzluqla üzləşdiyini görən Nəcəf Nəsirli Gülarə Əliyeva və onun rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyununda Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə cinayət işi başlayıb.
Amma Gülarə Əliyeva uzun müddət istintaqdan yayınıb.
Ötən il dekabrın 8-də Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsinin polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.