25 Aprel 2019 15:27
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun iş adamı Maqsud Mahmudova qarşı qanunsuz əməlləri açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin köməkçisi olan və MTN-də müxtəlif vəzifələrdə çalışan Vüqar Mahmudov antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev, həmin mərkəzin sabiq rəis müavini İlqar Əliyev (həbs olunandan sonra istintaq təcridxanasında özünü asıb – red.), 1-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Azər Mehdiyevdən ibarət mütəşəkkil dəstə yaradıb.

2015-ci ilin iyulunda Mark Şamilovun sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudov ilə aralarında olan torpaq sahələrinin alqı-satqısı ilə bağlı mübahisənin həllinə köməklik göstərilməsi barədə antirerror mərkəzinin sabiq əməkdaşı Ramil Hümbətov və Azər Mehdiyevə müraciət edib.

Mark Şamilovun bu müraciətindən xəbər tutan İlqar Əliyev rəisi Elçin Əliyevə şifahi məruzə edib.

Beləliklə, monitorinq mərkəzi tərəfindən iş adamı Maqsud Mahmudovun külli miqdarda pul vəsaitlərini şantaj və digər qeyri-qanuni yollarla ələ keçirmək üçün onun iqtisadi fəaliyyəti, şəxsi həyatı barədə məlumatları ələ etməkdən ötrü mobil telefonu gizli qaydada dinlənilib.

Daha sonra Elçin Quliyev, İlqar Əliyev və Azər Mehdiyev tərəfindən 7 və 24 iyul 2015-ci il tarixlərdə Maqsud Mahmudov nazirliyə çağırılıb. Nazirlikdə Maqsud Mahmudovun ölkədən çıxmasını qadağa qoyulub. O, kommersiya fəaliyyəti, şəxsi həyatına dair məlumatlarla şantaj edilib, həmçinin Mark Şamilovun şikayəti əsasında həbs edilməklə hədələnib.

Bundan başqa, Elçin Quliyev və İlqar Əliyev Maqsud Mahmudovu başqa qadınlarla əlaqədə olduğunu, bu məlumatları həyat yoldaşına, intim əlaqədə olduğu qadınların ərlərinə çatdıracaqları ilə şantaj ediblər.

Bu hədələrlə Maqsud Mahmudovun 250.000 ABŞ dolları məbləğində əmlakını onlara verməsini tələb ediblər. Qorxuya düşən iş adamı onlara 120.000 ABŞ dolları verməyə razılıq verib.

Dəstə üzvü Azər Mehdiyev 2015-ci ilin iyul sentyabr ayları ərzində 6 dəfəyə Maqsud Mahmudovdan 120.000 ABŞ dolları alıb.

Həmin pul vəsaitini Azər Mehdiyev İlqar Əliyevə verib. İlqar Əliyev də pulları Elçin Quliyevə çatdırıb.

Bu pulun 70.000 ABŞ dollarını Elçin Quliyevdən Vüqar Mahmudov şəxsən götürüb. Qalan pullar isə dəstə üzvləri arasında bölünüb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər