2 May 2019 17:32
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Xosrov Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 10-da keçiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 6-da Əmircan qəsəbəsində Xosrov Məmmədov 1985-ci il təvəllüdlü həyat yoldaşı Əfsanə Məmmədovanı bıçaqlayaraq öldürüb. Hadisədən sonra o, polisə təslim olub.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Bir il əvvəl Xosrov Məmmədovla Əfsanə Məmmədova rəsmi qaydada boşanıblar. Amma Xosrov Əfsanədən əl çəkməyib və onunla eyni evdə yaşamaq istəyib. Əfsanə isə onun istəyi ilə razılaşmayıb, bir yerdə yaşamaq barədə Xosrovun təklifinə rədd cavabı verib.

Oktyabrın 6-da, səhər saatlarında Xosrov yenidən barışmaq istəyi ilə Əfsanənin yaşadığı ünvana gəlib. Əfsanə Xosrova əhəmiyyət verməyib və azyaşlı qızı ilə birlikdə təmizlik işləri görmək məqsədilə xadimə işlədiyi evə yollanıb.

Xosrov onu arxadan izləyib, həmin ünvana çatana yaxın arxadan Əfsanəyə bir neçə bıçaq zərbəsi vurub.

Cinayəti törədən Xosrov Məmmədov daha sonra polisə gələrək, arvadını öldürdüyünü deyərək təslim olub.

İstintaqa ifadə verən Xosrov Məmmədov törətdiyi əməli etiraf edib.

Qeyd edib ki, Əfsanədən ayrılmaq fikri olmayıb, onunla birlikdə yaşamaq istəyib: “Əfsanə mənimlə razılaşmadı. Bundan çox əsəbləşdim, özümdə olan bıçaqla Əfsanəni vurdum”.

İstintaq orqanı tərəfindən Xosrov Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər