2 May 2019 18:55
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirməkdə təqsirləndirilən Ülviyyə Abdullayeva, Xalidə Ağayeva və İbrahim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 30-da Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü İbrahim Əhmədov 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan rayon sakini, 1987-ci il təvəllüdlü Ülviyyə Abdullayeva saxlanılıb.

Daha sonra narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini, 1966-cı il təvəllüdlü Xalidə Ağayeva da saxlanılıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər