Azərbaycanda qanunsuz silahlı bitləşmələrdə iştirak etməkdə təqsirli bilinən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əhməd Məhərrəmov 7 il müddətinə azadlıqdna məhrum edilib.
Qeyd edək ki, Əhməd Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan “Meşə Qardaşları” üzvü olub.
Lakin o istintaqdan uzun müddət gizlənə bilib.
Barəsində axtarış elan edilən Əhməd Məhərrəmov bu il saxlanılıb.
Qeyd edək ki, Əhməd Məhərrəmovun üzvü olduğu silahlı birləşmə 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” adı ilə tanınan “Cümə” məscidində partlayış törətməkdə ittiham olunub.
Belə ki, məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həmin cinayətin açılması istiqamətində həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü “Dağıstan camaatı”nın əmiri elan etmiş “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.
MTN tərəfindən “Meşə qardaşları”nın digər üzvləri həbs olunsalar da, Samir Mehdiyev gizli yollarla Pakistan İslam Respublikasının Penjebura, oradan isə Kvetta şəhərinə qaçıb. 2010-cu ilin yanvar ayında MTN-in əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb. 2010-cu il martın 16-da Samir Mehdiyev Pakistandan Azərbaycana gətirilib.
2011-ci ildə Samir Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
2009-cu ildə isə dəstə üzvləri - Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Rusiya vətəndaşı Maqomed İsayev 15, Kamran Bozorgini 8, Zabit Şıxbabayev 7, Samir Babayev 8, Anar Vəlimətov 8, Fariz Məmmədov 8, Rasim İsgəndərov 8, Taleh Məhərrəmov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Zaur Cəfərov 6, Azər Baxışov 6, Teymur Nərimanov 6, Musa Orucov 5, Aleksandr Nurəliyevin 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6 il, Rüfət Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 il, Özdəmir Ergin 2 il müddətinə azadlıqdan məhrum ediliblər.