Penitensiar xidmət "Azadlıg.info" informasiya portalında dərc edilmiş “Məhbusu ayaqlarından asaraq döyüblər” sərlövhəli məqaləyə münasibət bildirib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, məqalə müəllifləri özünü hüquq müdafiəçisi kimi təqdim edən Oqtay Güləliyevə istinadən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı işgəncə hallarının artması, Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Eldəniz Quliyevə qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərin edilməsi haqqında həqiqətdən tamamilə uzaq məlumat dərc ediblər.
Penitensiar xidmət bildirir ki, həmin məqalədə göstərilənlər real vəziyyəti əks etdirmir və böhtan xarakterlidir: "Belə ki, Xidmətin tabe qurumlarında saxlanılan məhkumların və həbs edilmiş şəxslərin hüquqları və qanuni mənafeləri etibarlı qorunur. Eyni zamanda, müxtəlif dövlət, yerli və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında monitorinq və yoxlamalar aparılır, məhkumlar təklikdə qəbul edilir və hər-hansı bir işgəncə halı aşkar olunduqda bu fakt mütləq müvafiq sənədlərdə əks olunur.
6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum E.Quliyev səhhətində bəzi problemlər olduğundan dəfələrlə müayinə üçün Penitensiar xidmətin Müalicə müəssisəsinə göndərilib və onun müalicəsi üçün peşəkar tibbi mütəxəssislər cəlb edilib.
Sonuncu dəfə məhkum cari ilin aprel ayında müalicə kursu keçib və cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Həm məhkum E.Quliyev, həm də digər səhhətində problemi olan məhkumlar istər Xidmət əməkdaşları, istərsə də tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bununla belə, Penitensiar müəssisələrdə daxili intizam qaydalarına cəza çəkənlər tərəfindən ciddi riayət olunmalıdır. Bu tələbləri pozmağa cəhd edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq olunur və dərhal sənədləşdirilir.
Penitensiar xidmət insan hüquq və azdlıqlarının müdafiəsi ilə məşğul olmağa təşəbbüs göstərən şəxslərin yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını bir daha nəzərə çatdırır".