İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nicat Əhmədovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Nicat Əhmədovun kasasiya şikayəti təmin edilməyib.
İttihama görə, Nicat Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci il iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib.
O, Suriya, İraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” - İŞİD adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçməkdə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nicat Əhmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.