Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə üzləşən iş adamı Zaur Əzimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 20-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Zaur Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb.
Bütün bunların qarşılığında Zaur Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.
Zaur Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir gətirəcəyi vədini verib.
Amma aldığı məbləği geri qaytarmayıb.
Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Əzimov 2017-ci ildə saxlanılıb.
Zaur Əzimov daha əvvəl MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və onlarla birlikdə mühakimə olunanların, həmçinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınıb.
Həmin cinayət işləri üzrə Zaur Əzimovun iddiası təmin olunmayıb və mülki iddiası baxılmamış saxlanılıb.
Sonradan Zaur Əzimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
MTN-in sabiq əməkdaşlarının qanunsuz əməlləri nəticəsində 300 min manatdan çox ziyan çəkib.
Belə ki, Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, idarənin əməkdaşı Fərhad Atayev və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərlə birlikdə iş adamları – Sahib Qurbanov və Zaur Əzimovun külli miqdarda pul vəsaitlərini ələ keçirmək qərarına gəliblər.
Vüqar Mahmudov və dəstə üzvləri ölkəmizə bahalı siqaretlərin gətirilməsini təşkil edən bu iki iş adamı barəsində MTN-ə əməliyyat məlumatı, ərizə və ya siqnal işi olmadığı halda onları izləməyə başlayıblar.
Zaur Əzimov və Sahib Qurbanovun barəsində guya MTN-in Binəqədi rayon şöbəsinə mövcud olan siqnal işi çərçivəsində Vüqar Mahmudovun tapşırıqları 7 fevral 2015-ci il tarixdə Elçin Quliyev tərəfindən imzalanıb.
Daha sonra Elçin Quliyev iş adamlarının mobil telefonlarının izlənilməsi MTN-in rəhbəri tərəfindən təsdiqlənib.
Bundan sonra Teymur Quliyevin tapşırığı ilə Fərhad Atayev hər iki iş adamını izləyib.
Dinləmə nəticəsində Zaur Əzimov və Sahib Qurbanovun şəxsi həyatı, kommersiya fəaliyyəti, siqaret məhsullarının saxlanma yeri müəyyən edilib.
Həmin il fevralın 7-də Zaur Əzimovun 100.000 manat dəyərində siqaret məhsullarını Bakı şəhərində “Elit” ticarət mərkəzinin yaxınlığında Ramin Muxtarova satması, 55.000 manat dəyərində siqaretin Sahib Qurbanovda olması, onların hərəkət marşrutları barədə dəstə üzvləri – Fərhad Atayev, Teymur Quliyev tərəfindən məlumatlar mütəşəkkil dəstənin digər üzvlərinə təqdim olunub.
Bundan sonra Sahib Qurbanov və Zaur Əzimov, həmçinin alıcı Ramin Muxtarov “Elit” ticarət mərkəzinin qarşısında saxlanılaraq MTN-in Binəqədi rayon şöbəsinə gətiriliblər.
Hər iki iş adamını guya ölkəmizə siqaretləri qaçaqmalçılıq yolu ilə gətirmələri barədə cinayət işi başlanacaq, onların barəsində həbs qətimkan tədbiri seçiləcəyi adı ilə təhdid ediblər.
Dəstə üzvləri Zaur Əzimov və Sahib Qurbanovun barəsində həmçinin rüsvayedici məlumatlar yaymaqla hədə-qorxular da gəliblər.
Bundan sonra Vüqar Mahmudovun başçılıq etdiyi dəstə üzvləri Zaur Əzimovdan 120.000 manat, Sahib Qurbanovdan isə 55.000 manat dəyərində 55 qutu “Kent” siqaretlərini ələ ediblər.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatında araşdırılır.
Bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınan Zaur Əzimov Vüqar Mahmudova qarşı ümumilikdə 320 min manat mülki iddia qaldırıb.