11 May 2019 14:40
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarının mayın 10-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

​Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

​R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Bundan başqa, Astara rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini, əvvəllər narkotkiklərlə bağlı cinayətə görə məhkum olunmuş M.Əliyev saxlanılıb.

Ondan çəkisi 6,2 kiloqram tiryək götürülüb.

Daha bir əməliyyatı Ağcabədi rayon polis şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılıb, ondan 1,3 kiloqrama yaxın marixuana götürülüb.

Oxşar əməliyyat Sabirabad rayonunda da keçirilib.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilib.

Mayın 10-da Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun 1-ci Nügədi sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Məzahir Ağammədov saxlanılıb.

Polis əməkdaşları tərəfindən Məzahir Ağammədovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan 400 qrama yaxın qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Bütün faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov