13 May 2019 17:43
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Beynəlxalq Bankı" ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Emin Sadiq ifadə verib.

O bildirib ki, 1997-2007-ci illərdə BP şirkətində çalışıb: “Əsas işimiz neft və neft məhsullarının satışı ilə bağlı idi. Azərbaycanda və Qazaxıstanda nümayəndəliyimiz var idi. İrana hazır məhsul aparırdıq”.

Şahid qeyd edib ki, BP şirkətindən ayrılandan sonra özəl şirkətdə rəhbər vəzifədə çalışıb: “Maliyyə problemləri olan zaman yaxın dostum Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla birgə çalışdıq, kredit ayrıldı”.

Emin Sadiq bildirib ki, 2011-ci ilin sonlarında onlara Qazaxıstandakı dostları neftin ixracı ilə bağlı təklif gəlib: “Təklif yaxşı idi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Təklif gəldi ki, şirkətin səhminin 60 faizi bankı olacaq. Səhmlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı, mənim qaynatamın adına, 15 faizi mənim adıma, digər faiz isə digər Qazaxıstan vətəndaşının adına idi.

Bu layihəyə görə 27 milyon 500 dollar bankdan pul ayırılıb, Qazaxıstan dövlətinin xəzinəsinə köçürüldü. Ümumilikdə neft layihəsi üçün bankdan şirkətə 62 milyon dollar ayrılıb. Həmin pulla Qazaxıstanda ərazi alıb, neft yatağı eləmişik. Bir neçə neft quyusu qazdıq”.

Emin Sadiqin sözlərinə görə, 2014-cü ildə Fuad Abdullayevlə görüş zamanı bankda problem yarandığını öyrənib: “Bizi maliyyələşdirə bilməyəcəklərini söylədi. Sonra biz dünya bazarında maliyyə axtarmağa başladıq. Bizə məlum oldu ki, şirkətimiz dünya bazarında 4 fiziki şəxs olan səhmdarla maliyyə tapa bilməyəcəyik. Sonra biz həmin səhimdarlar başqa adla şirkət qurduq, rəsmiləşməyə bir il vaxt getdi.

Bank artıq bizim şirkəti maliyyələşdirə bilmədi. Lakin bizə bank veksellərlə 2 milyon dollar pul verdi. Bir qədər keçəndə Beynəlxalq Bankda problem yarandı, Xəzər dənizinin ləpələri neft yatağımızı su altında qoydu. Mən bir neçə şirkətlə danışığa başladım, istəmirdim ki, şirkəti itirəm. Sonra Moskava şəhərinə gedən zaman orada həbs olundum, Bakıya göndərildim”.

Məhkəmədə elan olunub ki, bu iş üzrə Emin Sadiq barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb.

İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslərdən İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.

Bundan başqa, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erxan Cavad daha əvvəl bu iş üzrə həbs edilib.

İstintaq dövründə Nərimanov rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Erxan Cavad məhkəmə zalında azadlığa buraxılıb.

Cahangir Hacıyev və digər şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Həmin dövrdə Cahangir Hacıyevlə birlikdə 7 nəfər də mühakimə olunub. Həmin hökmə əsasən 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər