Bakıda dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Emil Babayev 8 il azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Ellada Babayevanın cəzası isə 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb.
Bu səbəbdən o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Emil Babayevin 9 il, Ellada Babayevanın isə il 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror qeyd edib ki, hər iki təqsirləndirilən şəxsin himayəsində onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladları var.
O, Ellada Babayevanın hazırda hamilə olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasını təklif edib.
Qeyd edib ki, uşaqların hər iki valideynin qayğısından məhrum olması cəza hümaniziminə ziddir.
Prokuror Ellada Babayevanın cəzasını çəkməsinin 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınmasını təklif etmişdi.
İttihama görə, Emil Babayevlə Ellada Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.
Zərərçəkmişlər turzim şirkətlərinin nümayəndələridir.
Ellada Babayeva və Emil Babayev onlardan iş görmək, səyahətlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar.
Lakin sonradan ödənişlər geri qaytarılmayıb.