Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Axundovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Günay Axundovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.
Məlum olub ki, Günay Axundova bir neçə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.
Günay Axundovanın əməllərindən zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər.
Şikayət əsasında araşdırma aparılıb və Günay Axundovanın insan alveri törətməsi faktı müəyyən edilib. Onun barəsində bu ilin əvvəlində axtarış elan olunub.
Bildirilir ki, Günay Axundova insan alveri qrupunun dəstə başçısı kimi tanınır.
İstintaq orqanı tərəfindən Günay Axundovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.