11 İyun 13:48
370

Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Ehram Məcidovun E8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyulun 18-də davam edəcək.

İttihama görə, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilib.

Ehram Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq sənədlərinə görə, Ehram Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib.

2017-ci ildə isə Müqəddə Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib.

Bununla bağlı Ehram Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri olub.

Son dövrdə isə Ehram Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib.

İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

Ehram Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazini döyüb.


Müəllif: Hacı Zeynalov