Biləsuvar rayonunda cinayəti törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Kamil Qafarov və 1987-ci il təvəllüdlü İsmayıl Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayonunun Ağayrı kənd sakini Kamil Qafarov həmkəndlisi, 1987-ci il təvəllüdlü İsmayıl Əzizov ilə mübahisə edib.
Kənddə əkin sahəsində başlayan mübahisə zamanı Kamil Qafarov və İsmayıl Əzizov bir-birlərinə çoxsaylı bədən xəsarətləri yetiriblər.
İstintaq sənədlərinə görə, İsmayıl Əzizov əvvəlcə Kamil Qafarovu su arxında suyun qarşısını kəsdiyi üçün döyüb, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
Həmin vaxt Kamil Qafarov da əlində olan bel ilə İsmayıl Əzizovu vuraraq, ona xəsarət yetirib.
Bu hadisədən bir neçə saat sonra Kamil Qafarov kənd sakini Mahir Hüseynova məxsus yeməkxanada dava salıb. O, həmin vaxt heç bir səbəb olmadan həmkəndliləri Aynur Hüseynov və Mahir Hüseynov ilə mübahisə edib, həmin şəxsləri nalayiq sözlərlə təhqir edib.
Dava zamanı Mahir Hüseynova məxsus 660 manat dəyərində Türkiyədə istehsal olunmuş 3 ədəd stolu, 525 manat dəyərində Türkiyədə istehsal olunmuş 7 ədəd stulu, 20 manat dəyərində yeməkxananın bir ədəd plastik qapısının şüşəsini, 36 manat dəyərində 3 ədəd çayniki, 14 manat dəyərində 14 ədəd stəkanı, 6 manat dəyərində 6 ədəd nəlbəkini, 6 manat dəyərində 2 ədəd qəndqabını, 9 manat dəyərində 3 ədəd külqabını və 1 manat dəyərində 2 ədəd duz qabını sındırıb.
Kamil Qafarov ümumilikdə yeməkxana sahibinə 1277 manat dəyərində maddi ziyan vurub.
İstintaq orqanı həm Kamil Qafarovu, həm də İsmayıl Əzizovu təqsirli bilib.
İsmayıl Əzizovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Digər təqsirli bilinən Kamil Qafarova isə Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Hər iki təqsirləndirilən şəxsin cinayət işi ayrı-ayrı icraatlarda araşdırılıb.
İlkin olaraq Biləsuvar rayon Məhkəməsində hakim Rəfayil Əliyevin sədrliyi ilə baş tutan iclasda İsmayıl Əzizov mühakimə olunub. Onun mühakimə olunduğu cinayət işində isə Kamil Qafarov zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmənin hökmü ilə İsmayıl Əzizov 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İsmayıl Əzizov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini xahiş edib.
Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə İsmayıl Əzizovun şikayəti təmin edilib. O, zərərçəkmişlə barışdığı üçün barəsində olan cinayət işinə xitam verilib.
Bundan başqa, Biləsuvar rayon Məhkəməsində Kamil Qafarovun ittiham olunduğu cinayət işində İsmayıl Əzizov və yeməkxana sahibi Mahir Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmənin hökmü ilə Kamil Qafarov 1 il 5 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən narazı qalan Kamil Qafarov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsini həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini, ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona bəraət verilməsini istəyib.
Kamil Qafarovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Kamil Qafarovun apelyasiya şikayəti qismən təmin olunub və barəsində olan hökm dəyişdirilib.
Kamil Qafarovun barəsində 10 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, o, azadlığa buraxılıb.