Beynəlxalq Bankın külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rauf Allahverdiyevin barəsində hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Rauf Allahverdiyevin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Allahverdiyevin 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, iş adamı Rauf Allahverdiyev Azərbaycan Beynəlxalq Bankının Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin krediti qaytarmayıb.
Məlum olub ki, Rauf Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.
Rauf Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və sair olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.
Götürülən pullar Rauf Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.
Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Həsən Quliyevin adına rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb.
Lakin Rauf Allahverdiyev Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.
Rauf Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.