Polisin mühafizə qurumlarından birində uzun müddət baş mühasib vəzifəsində çalışmış Rəfiqə Adıgözəlovanın işlədiyi idarə rəhbərliyinin guya təzyiqinə dözməyərək intihara cəhd etməsi barədə iddiaları yanlış ictimai rəyin formalaşdırımasına xidmət edir.
Bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini polis polkovniki Orxan Mansurzadə deyib.
O bildirib ki, bəzi sosial şəbəkələrdə yayılmış videomüraciətdə Bakı şəhər sakini Arif Adıgözəlovun və həyat yoldaşı Rəfiqə Adıgözəlova, baş vermiş bədbəxt hadisənin mahiyyətinin özlərinə sərf edən, təhrif olunmuş şəkildə təqdimatına çalışırlar:
"Üzərindən iki ildən çox keçməsinə, aidiyyatı qurumlar tərəfindən dəfələrlə araşdırılmasına və qanunvericiliyə uyğun olaraq, müraciət müəlliflərinə cavablar göndərilməsinə baxmayaraq, ər-arvad tərəfindən bu məsələnin indi olubmuş kimi yenidən gündəmə daşınıb. Guya müvafiq dövlət orqanları tərəfindən çoxsaylı instansiyalara ünvanladıqları müraciətlərə baxılmaması barədə fikirlərin səsləndirilməsi ortada qərəzin və yalanın mövcudluğuna, Adıgözəlovların ən azından qeyri-obyektivliklərinə dəlalət edir.
Məsələ həm Baş Mühafizə İdarəsində, həm də prokurorluqda araşdırılıb. Həmin araşdırmalarla Rəfiqə Adıgözəlovanın paytaxtın neft emalı müəssisələrindən birinin mühafizəsi üzrə polis idarəsində baş mühasib vəzifəsində çalışdığı, sağlamlığında ciddi problemlərin yarandığı, təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkdiyi anlarda hər zaman rəhbərlik tərəfindən ona həmişə həssas və səmimi münasibət göstərildiyi məlum olub. Sonradan qəfil iş yerini tərk edərək naməlum istiqamətdə getdiyi zaman məhz idarə rəhbərliyinin tapşırığı ilə səhhətinə görə narahatlıq keçirən iş yoldaşlarının onun axtarışına cəlb edildiyi də müəyyən edilib. Həmçinin araşdırmalar zamanı çalışdığı idarənin rəhbərliyi tərəfindən baş mühasibə qarşı hər hansı qanunsuz tələb və hərəkətin olmadığı, göstərişin verilmədiyi müəyyən edilib".
O.Mansurzadə əlavə edib ki, Adıgözəlovların idarənin rəhbərliyi tərəfindən guya qanunsuz təmir-tikinti işlərinin aparılmasına dair iddiaları da yoxlama zamanı öz təsdiqini tapmayıb, məsələyə dair maliyyə hesabatlarında hər hansı qanun pozuntusu aşkarlanmayıb:
"Rəfiqə Adıgözəlovaya səmimi və xoş münasibətin təzahürü olaraq, mülki işçilər üçün xidmətdə olmanın son yaş həddindən də artıq vəzifəsində çalışaraq təqaüdə çıxmış, artıq keçmiş baş mühasibin qəfil yoxa çıxmasının səbəbi kimi göstərilən Vergilər Departamentinə getməsinə gəldikdə isə qeyd etməliyik ki, sözügedən dövlət qurumu Rəfiqə Adıgözəlovanın izahatında qeyd etdiyi vaxtda və ya digər zamanlarda sonuncunun həmin quruma çağırılmadğını, onunla bağlı hər hansı araşdırma aparılmadığını və heç bir qərar qəbul edilmədiyini bildirib.
Beləliklə, ərlə arvadın iddialarının əksinə olaraq araşdırma zamanı mühafizə idarəsinin rəhbərliyi və işçiləri tərəfindən Rəfiqə Adıgözəlovaya qarşı hər hansı təzyiqin, hədələyici münasibətin və ya şəxsiyyəti zədələyən rəftarın göstərilmədiyi, onun intihara cəhd edərkən xəsarət aldığı müəyyən edilib. Sonuncu faktda isə cinayət tərkibi olmadığından mövcud qanunvericiliyin tələblərinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib"./report/