Cəlilabad rayonunda ağır qətl hadisəsi baş verib. Həmkəndlilərin mübahisəsi sonda qanla nəticələnib.
ANS TV-nin məlumatına görə, Cəlilabad rayonu, Maşlıq kənd sakini 26 yaşlı Elman Həsənov aralarında baş verən mübahisə zamanı həmkəndlisi və qonşusu 23 yaşlı Həbib Şahbazova çoxsaylı bıçaq xəsarətləri yetirib. Aldığı xəsarətlərdən çoxlu qan itirən yaralı yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktı Cəlilabad Rayon Prokurorluğu araşdırır. Məlumata görə, Elman gecə saat 23 radələrində toydan gəlib yaşadığı evinə daxil olarkən Həbibi orda görüb və mübahisə də bundan sonra yaranıb.
Cəlilabad rayon prokurorluğunun müstəntiqi Elgün Süleymanovun sözlərinə görə, təxminən 5-6 bıçaq zərbəsi yetirilib: “İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisənin daha dəqiq səbəbləri istintaqın gedişi zamanı məlum olacaq”.
Hadisəni törədən Elman Həsənov artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb,
araşdırmalar aparılır.