19 İyul 2019 10:16
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlham Mahmudovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, ötən il sentyabrın 30-da, saat 07:30-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Rövşən Həsənovun idarə etdiyi "Mercedes Benz 208 D" markalı, 01-BP-806 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qabil Məmmədovun idarə etdiyi "Mersedes Benz 4140" markalı, 90-CT-969 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü Rövşən Həsənov, həmin mikroavtobusun sərnişini, təqribən 60-65 yaşlarında naməlum qadın aldıqları xəsarətlərdən hadisə yerində, sərnişinlər Raisa Rzayeva və Tamara İsmayılova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat ediblər.

Mikroavtobusda olan digər 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətlərı ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Qabil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Qabil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov