Bakıda qətl törətməkdə təqsirləndirilən Quba rayon sakini Fazil Həsənovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət üzrə qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.
O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb.
Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.
Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.
İstintaq orqanı tərəfindən Fazil Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 133.1-ci (bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham elan edilib.