22 İyul 10:26
311

Gəncə şəhərində vətəndaşa qarşı küllü miqdarda dələduzluq etməkdə təqsirli bilinən İlahə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

İlahə İlyasovanın əməlində Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət tərkibi olmadığı müəyyən edilib və ona həmin maddə ilə bəraət verilib.

Məhkəmə İlahə İlyasovanı Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə təqsirli bilib.

Cinayət Məcəlləsinin 44.2.1-ci maddəsinə görə ona cəza təyin edilməyib.

Həmin maddəyə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyi üçün cəza təyin olunmur.

Qeyd edək ki, 2017-ci ilin aprelin 16-da İlahə İlyasova Türkiyədən qayıdarkən Naxçıvan sərhəddində gömrük əməkdaşları tərəfindən həbs edilib.

Ali təhsilli olan İlahə İlyasova bir müddət Gəncə şəhərində ingilis dili müəlliməsidə işləyib.

İstintaq orqanını gəldiyi nəticəyə görə, İlahə İlyasova Sərdar Bayramovun şikayəti əsasında həbs edilib. İlahə İlyasova adı çəkilən şəxsin xeyli miqdarda pulunu mənimsəyib.

Belə ki, İlahə İlyasova dolanışığını təmin etmək məqsədilə Bakı şəhərinin Gənclik metrostansiyasının yaxınlığında “Çudopeçka”nı icarəyə götürüb və bir ay işlədib. Son anda iflas olduğundan obyekti sahibinə təhvil verib.

Sonra Sərdar Bayramovla tanış olub və ona məxsus “Mürəbbə zavodu”nu anasının adına sənədləşdirib.

Həmçinin Sərdar Bayramov obyektlə bağlı lazımi sənədləşmə işləri aparılarkən müəyyən məbləğdə pul buraxıb. İlahə İlyasova isə həmin pulları dövlət qurumlarına rüsum şəklində ödəyib, bir qismini isə müəyyən şəkildə şirinlik qismində verib.

Bir müddət sonra Sərdar Bayramov vermiş olduğu pullarını geri tələb edib.

İlahənin də pulu olmadığına görə aldığı pulları qaytara bilməyib.

İstintaq orqanı tərəfindən İlahə İlyasovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan edilmişdi.


Müəllif: Hacı Zeynalov