Bakıda piyadanı avtomobillə vurub öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Eldar Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Eldar Zalova bəraət hökmü çıxarılıb və o, azadlığa buraxılıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlunun döyülərək ağır bədən xəsarətləri alması nəticəsində xəstəxanada vəfat etməsi barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
M.Əhmədovun “Kəllə beyin travması, baş beyinin əzilməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi və orada vəfat etməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla M.Əhmədovun cari il fevralın 5-də Beynəlxalq Avtovağzalın yaxınlığında yolu keçərkən avtomobillə vurulma nəticəsində xəsarətlər alaraq vəfat etməsi müəyyən edildiyindən fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
İstintaq zamanı hadisənin 1971-ci il təvəllüdlü Zalov Eldar İsrail oğlunun idarə etdiyi 21-BF-499 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə törətməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlili olub.