Şabran rayonunda 18 yaşlı gəncin ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Şabran rayon Zeyvə kəndində baş verib.
Həmin kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Şıxəliyev öz həmkəndlisi və dostu, 2003-cü il təvəllüdlü Elçin Bağırov tərəfindən vurulub.
Məlumata görə, hər iki dost ov edib və Mahir Şıxəliyev ovladıqları quşu bişirən zaman dostu Elçin Bağırov tüfənglə məşğul olub. Bu zaman onun barmağı tətiyə ilişib, 6-7 metr məsafədən dostunun üz nahiyəsinə atəş açıb.
Mahir Şıxəliyev xəstəxanada dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.