Bakıda sərxoş vəziyyətdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində baş verib.
Belə ki, Şıx qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan 90-CT-983 dövlət qeydiyyat nişanlı, sürücü Roman Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub.
Nəticədə 2001-ci il təvəllüdlü Roman Cəfərov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
2001-ci il təvəllüdlü Vahid Rəhimov isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb.
İstintaq orqanı tərəfindən Roman Hacıyevin barəsində Cinayət Məcəlləsinin 263.1-3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.