Bakıda iki qardaşı güllələyən 1986-cı il təvəllüdlü Qorxmaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, onun barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, ötən il noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.
Xəzər rayon Polis İdarəsi 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.
Məlum olub ki, Qorxmaz Əliyev Sərvər Quliyevin qardaşı ilə həmin gün bir məclisdə iştirak edib. Qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar.
Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub.
Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun "20 Yanvar" stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər.
Bu zaman Qorxmaz Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb, Anar isə hadisə zamanı ayaq nahiyyəsindən xəsarət alıb.