26 İyul 2019 09:43
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Vəliyev 15 il və Malik Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Xatırladaq ki, Malik Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib.

Malik Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

Rüfət Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.

Azər Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

Malik Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.

Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.

Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konvertasiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Ülkər Nəbiyev və Arzu Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri, köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, Malik Əliyevə təqdim ediblər.

Rüfət Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün Malik Əliyevlə Vidadi Əliyevə təqdim edib.

Bu qayda ilə Malik Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

Xatırladaq ki, Malik Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində adı çəkilən şəxslərin barəsində isə ayrıca icraatda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər