Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apelyasiya protesti əsasında məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin həbs edilməsi barədə prokurorun verdiyi protest təmin edilməyib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Onların barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azad ediliblər.
Bu hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi gizli obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Baş İdarəyə paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib.
Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri Elçin Quliyev və Rüfət Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma zamanı Elçin Quliyevin Rüfət Yüzbaşovla birlikdə kirayəyə götürdükləri həmin mənzildə qanunsuz poker qumar oyunları təşkil etdikləri sübuta yetirilib.
Evə baxış zamanı kartlar, çoxlu sayda oyun fişləri, qumar oyunlarına qoyulan əsasən xarici valtyutadan ibarət külli miqdarda pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.
Elçin Quliyev və Rüfət Yüzbaşov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, digər saxlanılan 8 nəfərin barəsində isə intizam tədbiri görülüb.
İstintaq orqanı tərəfindən Elçin Quliyev və Rüfət Yüzbaşovun barəsində Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.