29 İyul 2019 12:31
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlətə xəyanət etməkdə təqsirli bilinən Anar Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket mlumtaları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Anar Ələkbərov dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib.

Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

İstintaq orqanı tərəfindən Anar Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər