"3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
Bildirib ki, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş, onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir.