Balakəndə səhlənkarlıqda təqsirləndirilən Nərgiz Bicilovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nərgiz Bicilova Balakən rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloq vəzifəsində işləyərkən Nərmin Məmmədovanı keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı edib.
Əməliyyatdan sonra həkim qarın boşluğunu lazımi qaydada təftiş etməyib. Qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq qarnın ön divarlarını qat-qat tikib.
Qarın boşluğunda uzun müddət yad cismin qalması Nərmin Məmmədovada ümumi halsızlığa, yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə səbəb olub.
Daha sonra Nərmin Məmmədova Zaqatala Müalicə Diaqnostika Mərkəzinə müraciət edib və orada təkrar cərrahiyyə əməliyyatına məruz qalıb.
Əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsaq 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülüb.
Nərminə Məmmədovanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında Nərgiz Bicilova barəsində Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Balakən rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Nərgiz Bicilova 2 il müddətinə şərti cəza alıb.
Hökmdən narazı qalan həkim və zərərçəkmiş apelyasiya şikayəti verib. Nərgiz Bicilova barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zərərçəkmiş isə onun daha ağır cəza almasını xahiş edib.
Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Daha sonra hər iki tərəf kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Nərgiz Bicilova və zərərçəkmiş Nərmin Məmmədovanın kassasiya şikayəti təmin edilməyib.