Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və digər cinayətlərdə ittiham olunan Pərviz Bayramovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunacaq.
İstintaq orqanı tərəfindən Pərviz Bayramova qarşı Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 232.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) və 228.2.2-ci (təkrar odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Davam etdirilən prosessual araşdırmalar və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, iyul ayının 3-də törədilən cinayətin icraçısı, hazırda həbsdə olan Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəlmişlər.
Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçib və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança alıblar.
Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.
Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, "Marqulin" markalı tapança isə Anar Bağırov da qalıb.
Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.
Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.
Daha sonra keçirilən əməliyyat nəticəsində bu cinayətin digər iştirakçıları – Rasim Mustafayev və daha 10 nəfər müəyyən edilərək həbs ediliblər.
Bu işlə bağlı 10-dan çox cinayət işi ayrı-ayrı icraatlarda aparılır.
Cinayət işləri ayrı-ayrı icraatlarda məhkəmələrə göndərilir.