5 Avqust 2019 16:32
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimov ifadə veriblər. Onlara dəymiş ziyanla bağlı sorğu-sual ediliblər.

Sahib Qurbanov deyib ki, ona ziyanın vurulmasında Rafiq Səfərov iştirak edib. Bildirib ki, Rafiq Səfərov Milli Təhlükəsizlik Nazirliyində 2004-cü ildən 2007-ci ilədək antiterror mərkəzində, 2011-ci ildən 2015-ci ilin yanvar ayınadək isə MTN-nin Xəzər rayon idarəsinin rəisi, 2015-ci ilin yanvar ayından MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsində işləyib.

Daha sonra Sahib Qurbanovun vəkili çıxış edib. O, Sahib Qurbanova ziyan vuran ləğv edilmiş Milli Təhlükəısizlik Nazirliyinin sabiq vəzifəli əməkdaşı Rafiq Səfərovla bağlı Baş Prokurorluğa müraciət edəcəyini açıqlayıb. Bildirib ki, müraciətində Rafiq Səfərovun əməlinə hüquqi qiymət verilməsini istəyəcək.

Sonra hakim Vüqar Mahmudova danışmaq üçün söz versə də, o, sözü olmadığını deyib və danışmaqdan imtina edib.

Prosesin sonunda hakim bildirib ki, illik məzuniyyətə yollandıqları üçün prosesə uzun müddətli fasilə verməli olacaqlar.

Bu səbəbdən proses gələn aya qədər təxirə salınıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bunlar iş adamları - Sahib Qurbanov, Elşən Tağıyev, Maqsud Mahmudov, Tural İsgəndərli, Zaur Əzimov, Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədov, onun oğlu Şövqü Əhmədovdur.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.

Zaur Əzimov ümumilikdə 320 min, Sahib Qurbanov isə 100 min manat məbləğində mülki iddianı məhkəməyə təqdim ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər