6 Avqust 2019 12:33
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştərisi arasında yaranan narazılıq məhkəmələrə qədər gedib çıxıb.

Bu barədə cəmiyyətin rəhbəri Azad Əliyev Teleqraf.com-a açıqlama verib.

“SPULT” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Azad Əliyevin sözlərinə görə, “Spult” MMC Məmmədov Samir Ağamməd oğlunun sahibkarlıq fəaliyyətinin inkişafı üçün ona lazım olan xammal və mal materialları nəğd və nisyə ödəniş qaydasında verirdi: “O, aldığı xammalların və materialların pulunu aldığı vaxtad sonra (bir-iki ay müdətinə) ödəyirdi. Samir Məmmədovun 2017-ci ilədək bizə ümumilikdə 61.105,2 ABŞ dolları, 2.250 manat və 500 avro borcu qalmışdı.

Samir Məmmədov 2017-ci ilin iyul ayınadək votsap vasitəsilə şirkətimizə olan borcunun ödənilməsi üçün müəyyən əmlaklarının satılmasına qədər ona möhlət verilməsini istədi”.

Azad Əliyev deyir ki, Samir Məmmədov şirkətə olan borcunu uzun müddət ödəməkdən yayındığı üçün 2018-ci ilin yay aylarında ona qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırılıb: “Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov iş materiallarına əlavə olunmuş Samir Məmmədovun imzalı qəbzlərini (sübutları) əsas götürərək iddiamızı əsaslı hesab edərək təmin elədi.

Qətnamədən narazı qalan cavabdeh Samir Məmmədov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqov məhkəmə prosesini bir iclasa tələskənliklə, araşdırmadan, hətta bizim nümayəndənin apellyasiya şikayətinə münasibətini dinləmədən müşavirə otağına keçdi, iddiamıza iddia müddətini tətbiq edərək iddianı rədd etdi və qətnaməni ləğv elədi.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Samir Məmmədov nümayəndəmizə adamının güclü olduğunu və onların tapşırıqları əsasında məhkəmə instansiyalarında hər zaman bizə qalib gələcəyini bildirmişdi.

Biz onun sözlərinə məhəl qoymadıq, Azərbaycan Respublikasının hüquqi və demokratik dövlət olduğunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kasasiya şikayəti verdik. Bir neşə gün bundan öncə Samir Məmmədov təkrarən bizə "Ali Məhkəməyə elə bir "knopka" basdırmışam ki, sizin şikayət təmin oluna bilməz" deyə bildirdi”.

Şirkət rəhbəri bunları da əlavə edib: “Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bizim tərəfimizdən iddia müddəti ötürülməyib. Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 380-ci maddəsinin şərh olunmasına dair qərarına əsasən, Samir Məmmədov borcun ödənilməsi üçün 2017-ci ilin iyul ayınadək möhlət istədiyindən iddia müddətinin ötürülməsində söhbət gedə bilməz.

Birincisi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov MM-nin 380-ci maddəsini görməzlikdən gələrək Samir Məmmədovun tələbini əsaslı saydı. İkincisi isə Ali Məhkəmənin hakimi İlqar Xələfovun da həmin maddəni və Konstitusiya Məhkəməsinin qərarını əsas götürərək bizim şikayətimizin əsaslı olduğunu, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edəcəyini və Samir Məmmədov tərəfindən olan təzyiqlərə məhəl qoymadan qanuni qərar qəbul edəcəyinə əminik.

Cənab Prezident İlham Əliyev öz çıxışlarında bütün məhkəmələrdə vətəndaşların pozulmuş hüquqıarı ilə əlaqədar tələblərin qanuni və obyeltiv araşdırılmasını və müəyyən şəxslər tərəfindən məhkəmələrə olan təzyiqlərin qarşısının alınmasına dair tapşırıqlar verib.

Güman edirik ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Samir Məmmədovun havadarlarının təztiqlərinə məhəl qoymadan qanuni və əsaslı qərar qəbul edəcək”.

Qeyd edək ki, “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti qida və qyei-qida məhsullarının hazırlanması üçün xammalların satışı ilə məşğul olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər