Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Baku news" saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytnın rəhbəri Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cəlal Məmmədov 5 il 3 ay, Mirkənan Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və jurnalistlər məhkəmə zalından həbs olunub.
İttiham aktına əsasən, Mirkənan Seyidovla Cəlal Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər.
İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Mehman Həsənov hazırda qadınları fahişəliyə cəlb etmədə təqsirli bilinir. Onun cinayət işi üzrə məhkəməsi Nəsimi rayon Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Mehman Həsənov Baxşəli Qəhrəmanov və Güləndam Murtuzova ilə birlikdə mühakimə olunur.
Həmin cinayət işinə hakim Babək Pənahovun sədrliyi ilə baxılır.
İttihama görə, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzova həbs olunublar.
Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb.
Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Mehman Həsənov və Baxşəli Qəhrəmanovun rəhbərlik etdiyi məlum olub.
Mehman Həsənov və Baxşəli Qəhrəmanov paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin”, ”Şarden”, ”Səma”, ”Play”, ”Dalğa” və Nərimanov rayonunda "Atilla”, ”Diana”, ”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.
İstintaq orqanı tərəfindən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 9 qadın, 1 kişi zərərçəkmiş şəxs qismində tanınıb.