Qubada quldurluq etməkdə təqsirləndirilən Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il aprelin 1-də soyuq silahlarla silahlanmış bir qrup maskalı şəxs Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edib.
Həmin şəxslər Hamlet İbrahimovun əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.
Məlumatla əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyev saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərdən hadisə zamanı istifadə edilmiş maskalar, əlcəklər və soyuq silahlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.