8 Avqust 2019 12:38
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq və mənimsəmədə təqsirləndirilən Nailə Maşayevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nailə Maşayeva 2003-2016-cı illər arasında ləğv prosesində olan “Atrabank” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşa qarşı dələduzluq edib, həmçinin bankın pulunu da mənimsəyib.

Belə ki, o, filialın müştərisi olan Qəribə Babayevanı bankda depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə edəcəyini yalandan vəd edib, ümumilikdə 9550 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Nailə Maşayeva həmin vəzifədə işləyərkən Qəribə Babayevanın depozit hesabına mədaxil olunmuş 15000 manat məbləğində pul vəsaitinin 6000 manatını işlədiyi bankın filialında müştərinin oxşar imzası ilə xəzinədardan alıb.

Həmçinin o, müştəri Qəribə Babayevanın iştirakı olmadan onun adına kredit rəsmiləşdirməyi filialın kredit şöbəsinə tapşırıb və qadının adına 11731 manat məbləğində pulu xəzinədardan alaraq ələ keçirib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Nailə Maşayeva 3500 manat məbləğində cərimə edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. O, Nailə Maşayevanın cəzasının ağırlaşdırılmasını istəyib.

Dövlət ittihamçısının protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prsosesdə dövlət ittihamçısının protesti araşdırılıb, sonda qərar elan olunub.

Qərara əsasən, apelyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Nailə Maşayeva 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib və 3500 manat miqdarında cərimə cəzası saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər