9 Avqust 2019 10:57
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda biznesmenin keçmiş həyat yoldaşını Təyminə Yusifovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Təyminə Yusifovanın barəsində Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bir müddət əvvəl Təyminə Yusifovanın şikayətindən sonra "Falçı Səkinə" adlı Səkinə İsmayılova həbs edilib və o, dələduzluqda təqsirli bilinib.

Təyminə Yusifova da həmin işdə zərərçəkmiş qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səkinə İsmayılova bəraət alıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlanılıb.

Daha sonra Səkinə İsmayılova Təyminə Yusifovadan hüquq-mühafizə orqanlarına şikayət edib. O, Təyminə Yusifovanın bilə-bilə yalan xəbərçilik etmədə ittiham edib.

Xatırladaq ki, Təyminə Yusifova (daha əvvəl soy adı Abdullayeva olub - red.) 2016-cı il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

Təyminə Yusifova barəsində cinayət işi keçmiş həyat yoldaşı (həmin vaxt evli olublar), biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb.

Belə ki, Barat Abdullayev şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Təyminə Yusifova ilə birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib.

Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təyminə Yusifova 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apelyasiya Məhkəməsində isə onun cəzası 5 ilə endirilməsi barədə qərar qəbul edib.

Təyminə Yusifova Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı ilə əfv olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər