Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən Bakı şəhər sakini Məcid Məcidovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb.
Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.
Istintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hökm oxunub. Məhkəmə Məcid Məcidovun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov