Azərbaycanda terrorçuluq məqsədilə təlim keçməkdə və digər ağır cinayətlərdə ittiham olunan Müsəllim Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.
Qeyd edək ki, Müsəllim Şükürov Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq məqsədi ilə təlim keçmə, bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.