29 Avqust 2019 14:03
2 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda R-4 Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru vəzifəsində işləyən Mahir Həsənovu rüsvayçı materiallarla şantaj etməkdə təqsirli bilinən Maqsud Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 1974-cü il təvəllüdlü rayon sakini Maqsud Abbasov 24 iyul 2018-ci il tarixdə saat 13 radələrində Biləsuvar şəhərindəki məscidin qarşısında Mahir Həsənovla rastlaşıb.

O, Mahir Həsənova onun özü və Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev barəsində rüsvayedici videogörüntülər əldə etdiyini və həmin görüntüləri sosial şəbəkələrdə yerləşdirməklə onları rüsvay edəcəyini bildirib.

Maqsud Abbasov Mahir Həsənova hədə-qorxu gəlməklə həmin məlumatları yaymamaq üçün ondan 1500 manat pul tələb edib.

Avqustun 1-də saat 13.40-da Mahir Həsənov “Biləsuvar” şadlıq sarayının qarşısında çayxananın yanında Mahir Həsənovdan tələb etdiyi pulu alarkən Biləsuvar rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı Maqsud Abbasovun barəsində Cinayət Məcəlləsinin 182.1-c (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Onu ifşa etməyə başladım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Maqsud Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, 2017-ci ildə özünə məxsus 1,78 hektar torpaq sahəsində pambıq əkib, həmin əkinin suvarılması üçün Biləsuvar Suvarma Sistemləri Birliyinin rəhbəri Ədalət Babayevə müraciət edib: “Amma Ədalət Babayev suyun verilməsini təmin etmədi. Həmin səbəbdən əkdiyim pambıq susuzluqdan tələf oldu, heç bir məhsul əldə edə bilmədim.

Ədalət Babayevin hərəkətlərindən yuxarı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayətlər yazmağa, onun qanunsuz hərəkətlərini ifşa etməyə başladım”.

“Dəymiş zərərin ödəniləcəyini vəd etdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin yanvarında Ədalət Babayev əvvəlcə Mirzəkulla Zəkiyevi onun yanına, sonra isə öz işçisi Mahir Həsənovu onun yaşadığı evə göndərib: “Həmin şəxslər vasitəsilə məndən dövlət orqanlarına etdiyim şikayətlərin dayandırılmasını xahiş etdi. Yalnız mənə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi şərtilə şikayətlərimi dayandıracağımı bildirdim.

Bundan sonra Mahir Həsənov təkrar mənimlə görüşərək, maddi zərərin əvəzinin qısa müddət ərzində Ədalət Babayev tərəfindən ödəniləcəyini vəd etdi”.

“Şikayətim olmadığına dair ərizə yazdım”

Maqsud Abbasovun sözlərinə görə, Mahir Həsənov onunla bir neçə dəfə görüşsə də, yalnız Ədalət Babayevin yalançı vədlərini ona çatdırmaqla kifayətlənib: “İyul ayının sonlarında birbaşa öz mobil telefonumdan Ədalət Babayevin telefonuna SMS yazaraq vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etdim. Əks təqdirdə ondan şikayət edəcəyimi bildirdim. Bir neçə gün sonra, yəni avqustun 1-də, günorta saatlarında Mahir Həsənov mənimlə görüşərək, zərərin əvəzi qismində Ədalət Babayevin adından mənə 1500 manat məbləğində pul təklif etdi. Həmin pulun müqabilində Ədalət Babayevdən şikayətimin olmamasına dair ərizə verməyimi tələb etdi. Buna görə də Biləsuvar şəhərində yerləşən çayxanalardan birində, təkbaşına, öz dəsti-xəttimlə Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəhbəri Ədalət Babayevə qarşı şikayətimin olmaması və əvvəllər yazdığım şikayətlərin isə qərəzli xarakter daşımasına dair ərizə yazdım.

Bundan sonra Mahir Həsənov mənə 1500 manat məbləğində pul verdi və dərhal polis əməkdaşları məni saxladı. Mənə qarşı elan edilmiş ittiham qərəzli xarakter daşıyır və həqiqətə uyğun deyil”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahir Həsənov bildirib ki, Maqsud Abbasov onun işlədiyi idarədən və ondan mütəmadi olaraq müxtəlif instansiyalara əsassız şikayətlər edib.

“Hansı rüsvayçı video-görüntülər olduğunu demədi”

Zərərçəkmişin sözlərinə görə, Maqsud Abbasov ilk əvvəl ondan və Biləsuvar Rayon Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdən 5000 manat pul tələb edib: “2018-ci ilin yanvarında Mahir Abbasovun qohumu, əvvəllər idarə müdiri işləmiş Xalid Əliyevin vasitəçiliyi ilə Fizuli Babayevlə birlikdə Maqsud Abbasovun yaşadığı ünvana getdik.

Maqsud Abbasovla söhbət etdik və sonuncunun mənə qarşı olan fikrini dəyişdirməyə çalışdım. Buna baxmayaraq, Maqsud Abbasov mənim və Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları barəsində rüsvayedici məlumatlarının olduğunu dedi, həmin məlumatları yaymaması üçün məndən 5000 manat məbləğində pul tələb etdi. Maqsud Abbasov konkret olaraq onda hansı rüsvayedici video-görüntülər olduğunu demədi”.

“Mənə bir həftə vaxt verdiyini bildirdi”

Mahir Həsənov bildirib ki, iyulun 24-də Maqsud Abbasov ona zəng edib və görüşmək istədiyini bildirib: “Mən də Maqsud Abbasovun xahişini nəzərə aldım və Biləsuvar şəhərinin mərkəzində yerləşən məscidin qarşısında onunla görüşdüm. Maqsud Abbasov mənim və işlədiyim idarənin əməkdaşları barəsində rüsvayedici məlumatlar və video-görüntülər olduğunu, həmin məlumatları internetə yerləşdirərsə, onlar üçün yaxşı olmayacağını bildirdi, həmin məlumatları yaymaması üçün 3000 manat məbləğində pul tələb etdi. Ondan vaxt istədim, o da mənə son dəfə 1 həftə vaxt verdiyini bildirdi. Əvvəl Maqsud Abbasovun fikrini ciddi qəbul etmədim. Əsəbi olduğunu, əsəbləri sakitləşdikdən sonra daha məni narahat etməyəcəyini düşündüm”.

“Polisin əməliyyatı nəticəsində ifşa edildi”

Mahir Həsənovun sözlərinə görə, Maqsud Abbasov ondan əl çəkməyib və mütəmadi olaraq zənglər edib, pul tələb edib: “Sonuncu dəfə məndən 1500 manat məbləğində pul tələb etdi. Buna görə də avqustun 1-də Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etdim. Ərizəm əsasında aparılan araşdırma zamanı Maqsud Abbasovun cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbiri hazırlandı. Polisin keçirdiyi əməliyyat nəticəsində Maqsud Abbasov ifşa edildi”.

Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Maqsud Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Maqsud Abbasov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Maqsud Abbasovun şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər