Bakının Xəzər rayonunda arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sənan Seyidovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Seyidov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib.
Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu həbs edilib.
İstintaq orqanı tərəfindən Sənan Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.