İranlı şərikini döyməkdə və onu qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilinən Dilsuz Dəmirçiyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Dilsuz Dəmrçiyev özünü qismən təqsirli bilib. O, İran vətəndaşına qarşı heç bir zorakılıq etmədiyini, ittihamın şişirdildiyini söyləyib və bəzi zərərçəkmişlərdən pulu borc aldığını qeyd edib.
Növbəti proses sentyabrın 3-də davam edəcək.
Qeyd edək ki, İran vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.
Araşdırma zamanı bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki Razlighi Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Dilsuz Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan edilib.
İstintaq araşdırması zamanı onun ayrı-ayrı şəxslərə pul atdığı müəyyən olunub.
Qeyd edək ki, Dilsuz Dəmrçiyev Bakı şəhərində fəaliyyət göstərən “Ellips”, “Otto”, “Süfrə”, “Status” “Malibu” adlı məşhur gecə klublarının sahibidir.
Cinayət işində 53 zərərçəkmiş var.