Sumqayıt Apellyasiya Məhkəməsində qadına qarşı xuliqanlıqda və narkotik saxlamaqda təqsirli bilinən Rövşən Babayevin apellyasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiya Xəzər Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar verib. Qərara əsasən, onun barəsində çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.
Qeyd edək ki, hökmə əsasən, R.Babayev 7 may 2018-ci il tarixdə, gecə saat 01 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Lourve Plaza” şadlıq sarayının qarşısında əvvəlcədən tanımadığı vətəndaş Heydərova Fatma İslam qızına alışqan istəmək bəhanəsi ilə yaxınlaşıb. Qadın qorxaraq ona cavab vermədikdən sonra ona “sən məni güdürsən” deyərək heç bir səbəb olmadan zor tətbiq edərək hadisə yerindən yayınıb.
R.Babayev 18 oktyabr 2018-ci ildə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Giləzi qəsəbəsində saxlanılıb. Onun üzərində 6,92 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
R.Babayevə Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 234.1-ci (satış məqsədi olmadan narkotik əldə etmə) maddələri ilə ittiham verilib.