Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 16-na təyin olunub.
İttihama görə, hadisə bu il iyunun 8-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Kəmalə Mikayılova qəsəbənin Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.
Müəyyən edilib ki, Kəmalə Mikayılova sevgilisi tərəfindən öldürülüb.
Qadının Rusiyada işləyən əri iyunun 7-də Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi Fərhad Abuşov evdə mübahisə ediblər. Daha sonra Kəmalə Mikayılova küçəyə çıxaraq gedib. Fərhad Abuşov bıçaq götürərək onun arxasınca gəlib və küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.
Fərhad Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.
Fərhad Abuşov saxlanılaraq 8-ci polis bölməsinə aparılıb.
İstintaq orqanı tərəfindən Fərhad Abuşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.