11 Sentyabr 2019 12:39
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 13-nə təyin edilib.

İstintaq orqanı Qabil Ramazanov, barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.

Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.

Qabil Ramazanov, Habil Ramazanov və Yalçın Əzimovun saxlanılması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

Abşeron rayonunda yerləşən “Pəhləvan” kafesində keçirilən əməliyyat nəticəsində məlum olub ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə etdikləri üzə çıxıb.

Bundan başqa, həbs olunan zaman Qabil Ramazanovdan külli miqdarda narkotik vasitə aşkar olunub.

Qeyd edək ki, bir müddət əvvəl Qabil Ramazanovun evindən külli miqdarda pul oğurlanıb. Oğurluğu isə onun qardaşı oğlu, 1987-ci il təvəllüdlü Ümid Ramazanov törədib.

İttihama görə, 2013-cü ilin avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Qabil Ramazanovun evindən 200 min manat oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Qabil Ramazanovun qohumu olduğu üzə çıxıb. Ev sahibi Qabil Ramazanovun əmisi oğlu Ümid Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb. Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən də pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb. Ev sahibi Qabil Ramazanov Saray qəsəbəsində “Pəhləvanlar” adlı kafe işlədir.

Onlar 7 qardaşdırlar və qardaşların hamısı tanınmış pəhləvanlardır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümid Ramazanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ümid Ramazanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Ümid Ramazanovun apelyasiya şikayətini qismən təmin ediblər və onun cəzasını 6 ilə endiriblər.

Ümid Ramazanov ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərib ki, zərərçəkmiş Qabil Ramazanov onun əmisidir:

“7-8 ildir ki, əmimin kafesində nəzarətçi işləmişəm. Kafedə işlədiyi müddət ərzində Qabil mənə əməkhaqqı verməyib. Əmim həmin aylıq maaşları yığaraq mənə toy edəcəyini deyib. Cinayət törətməmişdən əvvəl əmimdən məni evləndirməsini xahiş etdim. Lakin əmimin pul olmadığına görə, məni evləndirməcəyini bildirdi. Bundan sonra, əmimin evində pul olduğunu bildiyim üçün oğurluq etmək qərarına gəldim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, oğurluq zamanı seyfdən salafan torbanda olan pulları saymadan götürüb: “Həmin vaxt seyfdə olan digər pul və qızıl-zinət əşyalarını götürməmişəm. Oğurluq əməlini törətdikdən sonra pulları sayaraq 120000 manat olduğunu bilmişəm. Həmin pullardan yalnız 3000 manat götürmüşəm, qalan pulları əmimə məxsus 90-DK-167 dövlət qeydiyyat nömrə nişanlı VAZ-21015 markalı avtomaşına qoyaraq, avtomaşını Bakı şəhəri avtovağzalının avtodayanacağında saxlamışam. Özüm isə Türkiyəyə getmişəm. İki gündən sonra öz mobil telefonumdan qardaşım Zamiqin istifadəsində olan telefona mesaj yazaraq, oğurlanmış pulların olduğu yeri haqqında məlumat vermişəm, qardaşımdan xahiş etmişəm ki, əmimə bu barədə desin”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər