11 Sentyabr 2019 14:53
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon polis şöbəsində dava salmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Asudə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Asudə Allahverdiyeva və onun keçmiş əri Elçin Fətəliyevin oğurluq və dələduzluq etmələri ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət daxil olub.

Şikayəti Elçin Fətəliyevin qeyri-rəsmi yaşadığı Bənövşə Əliyeva edib.

Hadisə baş verən günü Asudə Allahverdiyeva və Bənövşə Əliyeva Masallı rayon polis şöbəsinə dəvət olunublar. Bundan əvvəl isə Elçin Fətəliyev oğurluq və dələduzluq əməlinə görə həbs edilib.

İstintaq sənədlərinə görə, Asudə Allahverdiyeva 28 fevral 2019-cu il tarixdə saat 11.30-da Masallı rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsinin dəhlizində dava salıb.

Asudə Allahverdiyeva istintaq hərəkəti keçirildikdən sonra mübahisə zamanı Bənövşə Əliyevaya hücum edib. O, Bənövşə Əliyevaya xəsarət yetirib.

“Mənimlə əlaqəmi kəsdi”

İstintaq orqanı Asudə Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.

Asudə Allahverdiyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Bənövşə Əliyevanı təxminən 10 il əvvəl Masallı rayonunda keçirilən toy məclisində tanıyıb: “Keçmiş ərim Elçin Fətəliyev ilə rəsmi nikah münasibətində olmasam da, onunla bu nikahdan üç övladım olub. Sonradan Elçin Fətəliyev Bənövşə Əliyeva ilə qeyri-rəsmi nikah münasibətində yaşayaraq mənimlə əlaqəsini kəsdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Bənövşə Əliyeva Elçindən şikayət edib: “Bu səbəbdən Elçin Fətəliyev barəsində dələduzluqla bağlı cinayət işi başlandı və həmin işdə Bənövşə məndən də şikayət etmişdi. Fevralın 28-də Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəldim. Orada Bənövşə Əliyevanın həqiqətən məni tanıyıb-tanımadığını sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparılırdı.

Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Bənövşə Əliyevanın təxminən 15 ilə yaxındır keçmiş ərim Elçin Fətəliyevlə qeyri-rəsmi nikah münasibətində yaşamasını və mənə böhtan atdığını düşündüm. Bu səbəbdən onun hərəkətlərindən əsəbiləşdim. Qəflətən Bənövşə Əliyevanın üzərinə hücum edib saçlarını yoldum”.

Asudə Allahverdiyevanın sözlərinə görə, Bənövşənin ona tərəf uzatdığı barmağından tutaraq əks istiqamətə burub: “Bundan sonra polis əməkdaşları bizi ayırdı, şöbənin iş rejimini pozduğumuzu bildirdilər. Əməlimdən səmimi peşmanam, zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, barışmadı”.

“Evimdən qızıl oğurlanıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bənövşə Əliyeva bildirib ki, 20 sentyabr 2018-ci il tarixdə yaşadığı evdən qızıl-zinət əşyaları oğurlanıb: “Bu səbəbdən Masallı rayon polis şöbəsinə müraciət etdim. Həmin müraciətin araşdırılması ilə əlaqədar mütəmadi olaraq Masallı rayon polis şöbəsinin istintaq bölməsinə dəvət olunmuşam”.

Onun sözlərinə görə, 28 fevral 2019-cu il tarixdə eyni qaydada Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəlib: “Polis şöbəsində oğurluq etməkdə şübhələndiyim Asudə Allahverdiyevanı həqiqətən tanıyıb-tanımadığımı sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparıldı. Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Asudə hücum edərək, şillə ilə baş nahiyəmdən vurdu, saçlarımı yoldu. Özümü müdafiə etmək üçün əlimi Asudə Allahverdiyevanın boğaz nahiyəsinə atmaq istədim. O da barmağımdan tutaraq əks istiqamətə burdu. Barmağımdan xəsarət aldım”.

9 ay islah işləri cəzası

Bu cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb. Hakim Habil Bəhmənovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Asudə Allahverdiyeva 9 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Bənövşə Əliyeva apelyasiya şikayəti verib. O, Masallı rayon Məhkəməsinin hökmündən narazıdır.

Qeyd edib ki, təqsirləndirilən şəxs Asudə Allahverdiyeva əri Elçin Fətəliyev ilə birlikdə onun 50 min manatlıq əmlakını oğurlayıblar.

Belə olan halda Asudə Allahverdiyevanın cinayət əməli sübuta yetirildiyi üçün qanunsuz hərəkətlər etməyə başlayıb. Zərərçəkmiş Asudə Allahverdiyevanın əməlinin Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə edilməsini, cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmişin şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Elçin Fətəliyevin barəsində cinayət işi ayrıca icraatda araşdırılır.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər