“Fidan” MTK-nın təsisçisi və sədri Əli Şükürovun barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili İlqar Əliyev çıxış edib.
O, müvəkkilinin günahsız olduğunu, Əli Şükürovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra məhkəmə qərarı elan edib.
Qərara görə, kasasiya şikayəti təmin olub, Əli Şükürovun ittiham olunduğu Cinayət Məcəlləsin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsinə bəraət verilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, “Fidan” MTK-nın təsisçisi və sədri Əli Şükürov torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.
Əli Şükürova Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Daha sonra Əli Şükürov barəsində bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.