7 Oktyabr 12:54

Kürdəmir rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının şəhər ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Mikayılovdan 6 qrama yaxın, evindən isə 40 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi A.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5,5 qram, evindən 53 qrama yaxın və qeydiyyatda olduğu Muradxan kəndindəki evdən isə 305 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Ə.Sadıqovun idarə etdiyi “Chevrolet” markalı avtomobilindən 88 qram heroin və 112 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov