7 Oktyabr 2019 13:22
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini Nicat Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.

40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

1986-cı il təvəllüdlü Nicat Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış.

Həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Nicat Məmmədovla həyat yoldaşı Leyla Məmmədova arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində Nicat Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt Nicat Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.


Müəllif: Hacı Zeynalov