8 Oktyabr 2019 09:35
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən Zaqatala rayon Məhkəməsinin sabiq hakimi Arif İsmayılov, hakimin məsləhətçisi Şahid Allahverdiyev və vəzifəli şəxsi rüşvət verməyə təhrik etməkdə ittiham olunan Vəkillər Kollegiyasının sabiq üzvü Məmməd Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Arif İsmayılov 2 il 6 ay, Şahid Allahverdiyev və Məmməd Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib.

Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun yaydığı birgə məlumatına görə, qanunvericiliyin tələblərini kobud surətdə pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barəsində materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və onun məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Arif İsmayılova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Şahid Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı Vəkillər Kollegiyasının sabiq üzvü Məmməd Yaqubovun barəsində də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (rüşvətə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata əsasən, həmin şəxslər məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb ediblər.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan Məmməd Yaqubov fərdi vəkil kimi fəaliyyət göstərib. O, 32 il vəkilliklə məşğul olub.


Müəllif: Hacı Zeynalov