9 Oktyabr 18:39
274

Bakının Binəqədi rayonunda ogey bacısı Sevinc Muradzadə və onun əri İlkin Məmmədovu qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində qətlə yetirilən İlkin Məmmədovun anası ifadə verib.

O bildirib ki, Vəli Behbudovun əvvəllər psixoloji problemi olmayıb.

O istintaqa ifadəsini təsdiq etdiyini bildirib.

Vəli Behbudovun əmisi Rəşid Behbudov bildirib ki, qardaşı oğlu psixoloji probleminə görə hərbi xidmətə getməyib. O suallara cavab olaraq qeyd edib ki, Vəli Maştağada yerləşən ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Vəli Behbudovun bacısı Zəhra Muradzadə söyləyib ki, qardaşı özünü qapalı aparıb, evdə anormal hərəkətlər edib. O suallara cavab olaraq qardaşının işlədiyini bildirib.

İlkin Məmmədovun anası deyib ki, Vəli əvvəllər telefon ustası işləyib, ağlı olmayan adam isə telefon düzəldə bilməz.

Qətlə yetirilən Sevinc Muradzadənin və Vəli Behbudovun anası da şahid qismində dindirilib. Onun sözlərinə görə, oğlu uşaq vaxtı yıxılıb və başına dəmir düşdüyü üçün zədə alıb.

Hakim deyib ki, istintaq zamanı təqsirləndirilən şəxsin anlaqsız olduğu qənaətinə gəlinsə də, bu inandırıcı deyil: "Çünki o, istintaqın əvvəlində sağlam şəxs olaraq normal ifadə verib. Sonradan psixoloji problemi yaransa belə, bu, məsuliyyətdən azad etmir və sağaldıqdan sonra məsuliyyətə cəlb olunacaq".

Qeyd edək hazırlıq iclasında məhkəmə Vəli Behbudovun ruhi-əsəb dispanserindən istintaq təcridxanasına köçürülməsi barədə qərar edib.

Növbəti proses oktyabrın 16-a davam etdiriləcək.

İttihama görə, hadisə bu ilin fevralında Binəqədi rayonu, "28 May" qəsəbəsi ərazisində baş verib.

27 yaşlı İlkin Məmmədov və 25 yaşlı Sevinc Muradzadənin cəsədləri tapılıb. Oğlanın bıçaq zərbəsi ilə, qızın isə boğularaq qətlə yetirildiyi məlum olub. Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayon sakini, 30 yaşlı Vəli Behbudovdur.

İlkin Məmmədov ilə Sevinc Muradzadə 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkin Məmmədov Beyləqan rayonunda anadan olmuş Sevinc Muradzadə ilə boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib.

İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib. Vəli Behbudov ayrılmış cavanları barışdırmağa çalışıb. O, Sevinc Muradzadəni götürərək İlkin Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib.

Lakin orada heç də hər şey Vəli Behbudovun planlaşdırdığı kimi olmayıb. Görüş zamanı dava-dalaş yaranıb.

Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra hüquq-mühafizə orqanlarına təslim olub.

Vəli Behbudovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov